|
|
2002-ci
il |
|
Dekabr
ayının 28-də Kamera və Orqan musiqisi
zalında Azərbaycanın görkəmli bəstəkarı
Fikrət Əmirovun anadan olmasının 80 illiyinə
həsr edilmiş yubiley konserti keçirilmişdir.
Konsertdə Azərbaycan Dövlət xalq çalğı
alətləri orkestri iştirak etmişdir. Orkestrin
bədii rəhbəri və baş dirijoru Ağaverdi
Paşayevdir. Konserti ön sözlə sənətşünaslıq
namizədi Nailə Rəgimbəyli açdı.
Konsetdə xalq artsiti Səkinə İsmayılova,
Samir Cəfərov, Anar Şuşalı, Zülfiyyə
Sadıqova (f-no) iştirak etdilər. Proqramda Fikrət
Əmirovun "Azərbaycan kapriççiosu", "1001 gecə"
baletindən parçalar, romanslar və b. əsərlər
səsləndi. |
|
Dekabr
ayının 26-da Bakı Musiqi Akademiyası
rektorunun kabinetində Azərbaycan Respublikasının
xalq artisti, professor Firəngiz Əlizadə ilə
yaradıcılıq görüşü keçirilmişdir.
Tədbirdə bəstəkarın son 10 il ərzindəki
yaradıcılığından söhbət açılmış,
"Oazis" əsəri dinlənilmişdir. Görüşdə
BMA-nın professor-müəllim hey'əti və
tələbələr iştirak etdilər. |
|
Dekabrın
23-də Dövlət Musiqi Mədəniyyəti
Muzeyində Bakı Musiqi Akademiyasının professoru
Səadət Abdullayevanın "Azərbaycan xalq çalğı
alətləri" monoqrafiyasının təqdimat mərasimi
keçirilmişdir. "Adiloğlu" nəşriyyatında
nəfis şəkildə və yüksək poliqrafik
səviyyədə Azərbaycan və rus dillərində
çap olunmuş kitabın nəşrinə "Azərbaycan
mədəniyyətinin dostları" fondunun sədri
Mehriban xanım Əliyeva sponsor köməyi etmişdir.
Musiqişünas Zümrüd Dadaşzadə, Mədəniyyət
Nazirinin müavini Sevda Məmmədəliyeva, BMA-nın
rektoru Fərhad Bədəlbəyli, Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov, Bəstəkarlar İttifaqı
İdarə Hey'ətinin Katibi Ramiz Zöhrabov və
başqaları mərasimdə çıxış
edərək, milli mədəniyyətimizin mühüm
göstəricisi olan Azərbaycan xalq çalğı
alətlərinə həsr olunan təqdimat əsərinin
məziyyətlərindən ətraflı söz
açdılar. Mərasimdə vurğulandı ki,
böyük zəhmət bahasına işıq
üzü görmüş kitabda çalğı
alətləri tədqiq edilərkən mənbələrdə
göstərilmiş məlumatların tutuşdurulması,
əsrlər boyu sıx mədəni və mənəvi
əlaqələri olan müxtəlif xalqların
musiqi alətlərinin müqayisəli şəkildə
öyrənilməsi məsələlərinə
xüsusi diqqət verilmişdir. Bu zaman tarixi, ədəbi,
etnoqrafik, arxeoloji və linqvistik mə'lumatlarından
da ustalıqla istifadə edilmişdir. Müəllif
antik dövrlərdən bizim günlərədək
Azərbaycan ərazisində istifadə olunan xalq
çalğı alətlərinin yaranma tarixi və
təkamülünün bərpası üçün
mühüm mənbə və məxəz sayılan
ölkəmizin maddi mədəniyyət abidələrini,
ədəbi-poetik irsi, musiqişünasların əsərlərini,
miniatürləri və muzey kolleksiyalarını,
müasir tədqiqatçıların araşdırmalarını
nəzərdən keçirmişdir. Kitabın elmi
redaktoru sənətşünaslıq doktoru, professor
Ramiz Zöhrabovdur. |
|
Dekabrın
20-də Rəşid Behbudov adına Azərbaycan
Dövlət Mahnı Teatrında görkəmli
bəstəkar Rauf Hacıyevin 80 illik yubileyinə
həsr edilmiş konsert olmuşdur. Konsertdə klassik
və estrada musiqisi ustalarının adını
daşıyan 15 saylı Bakı musiqi məktəbinin
gənc iste'dadları çıxış etmişlər.
Belə bir tədbirin Azərbaycanın dünya
şöhrətli müğənnisi və Rauf
Hacıyevin mahnılarının gözəl ifaçısı
Rəşid Behbudovun adını daşıyan teatrın
səhnəsində keçirilməsinin özünün
də rəmzi mə'nası vardı. Konsertdən
əvvəl bəstəkarın həyat və yaradıcılıq
yolu barədə söhbət açıldı.
Əməkdar incəsənət xadimi Faiq Mustafayev,
Mədəniyyət Nazirliyinin səlahiyyətli
nümayəndəsi Lalə Kərimova, görkəmli
bəstəkarın həmkarları, tələbələri
və dostları onunla bağlı xatirələrini
söylədilər. Sonra birləşmiş xor
Rauf Hacıyevin "Azərbaycanım" mahnısını,
bəstəkarın böyük maestro Niyazi ilə
birgə bəstələdiyi "Bəxtəvərlik"
kompozisiyasını ifa etdi. Məktəbin şagirdləri,
1-ci respublika müsabiqəsinin laureatları, "Qönçə-2002"
festivalının Qran-pri mükafatçıları
Narın Musayeva və Təhminə Abdullayevanın
ifasında bəstəkarın skripka və simfonik
orkestr üçün Konserti səsləndi. Hürü
Həsənova və Qumral Əhmədova Baxın
"Zarafat" əsərini, Rauf Hacıyevin "Asta rəqs"ini,
Motsartın skripka və orkestr üçün Konsertini
və digər əsərləri ifa etdilər. |
|
Dekabr
ayının 19-da Üzeyir Hacıbəyovun
ev muzeyində "Biz hamımız Üzeyir məktəbindən
çıxmışıq" adlı tədbir keçirilmişdir.
Tədbir Üzeyir Hacıbəyovun ev-muzeyi və
Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən
təşkil edilmişdir. Üzeyir bəy məktəbinin
yetirmələri olan bəstəkarların - Niyazi-90,
Ağabacı Rzayeva-90, Fikrət Əmirov-80, Rauf
Hacıyev-80 yubileylərinə həsr edilmişdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqı
İdarə Hey'ətinin Katibi, sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov, Respublikanın xalq
artistləri Şəfiqə Axundova, professor Aqşin
Əlizadə, Bəstəkarlar İttifaqının
məs'ul katibi Lalə Hüseynova, əməkdar
incəsənət xadimi Nəriman Məmmədov
və sənətşünaslıq namizədi Sənubər
Bağırova öz çıxışlarında
maraqlı xatirələrini və yubilyarların
yaradıcılığı haqqında öz fikirlərini
söylədilər. Konsert proqramında Fikrət
Əmirovun piano üçün 4 Miniatür (ifaçı
- Murad Adıgözəlzadə), Niyazinin yeni tapılmış
piano üçün 3 Pyes (ifaçı - Ülviyyə
Hacıbəyova), Niyazinin "Arzu" Romansı (solist -
Gülnaz İsmayılova, piano - Ülviyyə Hacıbəyova),
Ağabacı Rzayevanın piano üçün "Rəqs
süitası" (ifaçı BMA-nın I kurs tələbəsi
Tutu Məmmədova), Rauf Hacıyevin "Gülüm
sənsiz" mahnısı (solist BMA-nın III kurs tələbəsi
Nurşən Məmmədov, piano - Sərdar Fərəcov),
Fikrət Əmirovun "Sevil" operasından Sevilin ariyası
(solist - Fəridə Məmmədova, piano - Ülviyyə
Hacıbəyova), Ağabacı Rzayevanın "Sənin
xatirən" Romansı (solist - Nurşən Məmmədov,
piano -Sevda Nəsibova) səsləndi. |
|
Dekabr
ayının 16-da tanınmış bəstəkar
Hökümə Yusif qızı Nəcəfova
ömrünün 91-ci ilində dünyasını
dəyişmişdir. Hökümə Nəcəfova
dahi Üzeyir Hacıbəyovun xeyir-duası ilə
musiqi sənətinə gəlmiş ilk qadın
bəstəkarlarımızdan biri idi. Hökümə
xanım ilk musiqi təhsilini Əbilov adına mədəniyyət
sarayında tar sinfi üzrə almışdır.
Eyni zamanda o, Azərbaycan Neft və Kimya İnstitutuna
daxil olmuş və oranı mühəndis-texnoloq
ixtisası üzrə bitirmişdir. 1932-ci ildə
Üzeyir Hacıbəyovun yaratdığı notlu
xalq çalğı alətləri orkestrində
çalışmağa başlayan Hökümə
Nəcəfova müəlliminin tövsiyyəsi
ilə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda
musiqi təhsilini davam etdirir. 1938-ci ildə o, Moskvada
keçirilən Azərbaycan mədəniyyəti
və incəsənəti ongünlüyündə
iştirak etmiş, solo tarda "Bayatı-Şiraz" muğamını
məharətlə ifa etdiyinə görə Bakıya
qayıtdıqdan sonra "Şərəf nişanı"
ordeni ilə təltif olunmuşdur. 1939-cu ildə
Bakı Konservatoriyasının nəzdində Azərbaycan
musiqisi üzrə bəstəkarlıq sinfi yaradılır
və Üzeyir bəy gənc, iste'dadlı tələbələri
o cümlədən Hökümə Nəcəfovanı
bu sinfə cəlb edir. Təhsil illərindən
sonra o, A.Zeynallı adına Bakı Musiqi Texnikumunda
tar ixtisası üzrə dərs demiş, daha sonra
isə 2 və 12 saylı uşaq musiqi məktəblərində
nəzəriyyə və musiqi ədəbiyyatı
fənnlərini aparmışdır. Onun uşaqlar
üçün bəstələdiyi onlarca nəğmə
və marşlar bu gün də məktəb və
bağçalarda uğurla səslənir. Azərbaycan
Bəstəkarlar İttifaqının üzvü
olan Hökümə xanım ömrünün sonuna
kimi yaradıcılıqla məşğul olmuşdur.
Onun nurlu xatirəsi onu tanıyanların və sevənlərin,
yaradıcılığına pərəstiş
edənlərin qəlbində daim yaşayacaq. |
|
Dekabr
ayının 10-da ömrünün 91-ci
ilində qocaman bəstəkar, Prezident təqaüdçüsü
Məmməd Kərim oğlu Cavadov vəfat etmişdir.
M.Cavadov 1912-ci il sentyabrın 15-də Füzuli şəhərində
anadan olmuşdur. O, 1930-cu ildə Bakı Musiqi Texnikumuna
daxil olmuş və həmin Texnikumu ə'laçı
kimi bitirdiyi üçün o, imtahansız Azərbaycan
Dövlət Konservatoriyasına götürülmüş
və orada iki sənət üzrə (bəstəkarlıq
və nəfəs alətləri) təhsil almışdır.
Konservatoriyada Ü.Hacıbəyov ona "Azərbaycan
xalq musiqisinin əsasları" fənnindən dərs
demişdir. O, 1931-ci ildə Ü.Hacıbəyovun
təşəbbüsü və rəhbərliyi
ilə yeni yaradılmış xalq çalğı
alətləri orkestrində çalışmış,
bu kollektivlə Moskvada 1-ci ədəbiyyat və
mədəniyyət ongünlüyündə iştirak
etmişdir. M.Cavadov 1941-42-ci illərdə Azərbaycan
Dövlət Caz Orkestrində solist işləmiş,
1943-cü ildə Azərbaycan İncəsənət
İdarəsinin göndərişi ilə o, Naxçıvan
Dövlət Dram Teatrına dirijor və musiqi məktəbində
müəllim kimi çalışmışdır.
Naxçıvanda 10 il müddətində o, eyni zamanda
xalq çalğı alətləri orkestrində
dirijor işləməklə yanaşı, orada
"Sazçı qızlar" ansamblını da yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının 25 illik yubileyi
ilə əlaqədar M.Cavadov 120 nəfərdən
ibarət xor təşkil edib, orkestrlə birlikdə
yubiley konsertində də uğurla iştirak etmişdir.
1960-ci ildən Ağdam, 1977-ci ildən isə Füzuli
şətərlərindəki musiqi məktəblərində
müəllim, orkestr rəhbəri işləmişdir.
55 ildir ki, o, bir bəstəkar kimi fəaliyyət
göstərir. Onun iri əsərlərindən
xalq çalğı alətləri orkestri üçün
"Qarabağ lövhələri"ni, klarnet və orkestr
üçün "Konsert"i, 2 tar və 2 kamança üçün
"Kvartet" əsərini, Naxçıvan, Ağdam, Füzuli
Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuş
bir sıra pyeslərə musiqini, a'capella xoru üçün
mahnılarını, tar, kamança, skripka, nəfəsli
alətlərlə fortepiano üçün "Pyeslər"ini
və çoxlu mahnılarını göstərmək
olar. M.Cavadov 70 ildən artıq bir müddətdə
Azərbaycan musiqisinin təbliğində əzmlə
çalışmış. Onun estrada və xalq çalğı
alətləri orkestri üçün əsərləri
musiqimizi zənginləşdirmişdir. |
|
Dekabr
ayının 6-da "Respublika" Sarayında görkəmli
dirijor və bəstəkar, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət
mükafatı laureatı Niyazinin anadan olmasının
90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
Gecədə Azərbaycan Respublikasının Prezidenti
cənab Heydər Əliyev, Mədəniyyət
Naziri Polad Bülbüloğlu, Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov və SSRİ və Azərbayğan
Respublikasının əməkdar incəsənət
xadimi Janna Dozortseva çıxış etdilər
və Niyazi şəxsiyyəti haqqında öz
fikirlərini və xatirələrini söylədilər.
Konsert proqramını Azərbaycan Respublikasının
xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestri
apardı. Konsertdə Ü.Hacıbəyovun "Koroğlu"
operasından Uvertüra; Niyazinin "Vətən haqqında
mahnı"sı (ifaçı-vokalçıların
Bülblü adına I Beynəlxalq müsabiqəsinin
laureatı Həsən Enami); Ülvi Camal Erkinin
"Köçəkçə" əsəri (dirijor Rəngin
Gökmən); Sarasatenin "Qaraçı təntənələri"
(solist - Azərbaycan Respublikasının xalq artisti
Sərvər Qəniyev, dirijor Rəngin Gökmən);
Niyazinin "Arzu" romansı (solistlər - SSRİ xalq
artisti Fidan Qasımova və Azərbaycan Respublikasının
xalq artisti Xuraman Qasımova); Kamil Sen-Sansın piano
və orkestr üçün 2 saylı Konsertin III
hissəsi (solist SSRİ xalq artisti Fərhad Bədəlbəyli)
və Niyazinin "Rast" simfonik muğamı səsləndi.
|
|
Dekabr
ayının 4-də Mərziyyə Davudova
adına Mingəçevir Dövlət Dram Teatrında
bəstəkar Ruhəngiz Qasımovanın müəllif
gecəsi keçirilmişdir. Tədbir Mingəçevir
Şəhər İcra Hakimiyyəti tərəfindən
təşkil edilmişdir. Gecədə Rugəngiz
Qasımova yalnız bəstəkar kimi deyil, gətta
dramaturq və şair kimi təqdim edildi. Adı
çəkilən teatrın artislərinin ifasında
Ruhəngiz xanımın "Qonşu qoşnu olsa" tamaşasından
səhnələr, mahnı və şe'rləri
səslənmişdir. Konsert proqramında bəstəkar-arajimançı
Vüqar Camalzadə, müğənni Rövşən
Məmmədov və müəllif özü fəal
iştirak etdilər. |
|
Noyabr
ayının 30-da Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında Azərbaycan Respublikasının
xalq artisti, Dövlət mükafatı laureatı
Aqşin Əlizadənin "Qafqaza səyahət" baletinin
premyerası keçirilmişdir. Əsər məşhur
fransız yazıçısı Aleksandr Dümanın
"Qafqaza səyahət" əsəri əsasında
yazılmışdır. Librettonun müəllifi
bəstəkar özüdür. Tamaşanın
quruluşçu baletmeysteri, xalq arstiti Tamilla Şirəliyeva,
quruluşçu rəssamı, əməkdar rəssamı
Tahir Tahirov idi. Yuliana Əlikişizadənin rəhbərlik
etdiyi balet truppasının sənətçiləri
- "2002-ci ilin ən yaxşı balet artisti" adına
layiq görülmüş Gülağa Mirzəyevin
(Aleksand Düma), əməkdar artist, "Qızıl
Dərviş" mükafatı laureatı Mədinə
Əliyevanın (Xurşudbanu Natəvan), truppanın
aparıcı solistlərindən olan Yuri Lobaçovun
(rəssam Muene) yüksək sənətkarlığı
bir daha tamaşaçılarının züvqünü
oxşadı. Musiqi əsəri teatrın baş
dirijoru, Respublikanın əməkdar artisti Cavanşir
Cəfərovun rəhbərliyi ilə ifa edildi.
Bir pərdə, dörd şəkil, proloq və
epiloqdan ibarət tamaşa gur alqışlarla sona
çatdı. |
|
Noyabr
ayının 23-də Muğam Teatrında
Azərbaycanda ilk qadın bəstəkarı Ağabacı
Rzayevanın 90-illiyi ilə əlaqədar xatirə
gecəsi keçirilmişdir. Xatirə gecəsini
giriş sözü ilə Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi,
Azərbaycan Respublikasının xalq artisti, professor
Vasif Adıgözəlov açmışdır.
Gecədə Azərbaycan Bəstəkarlar İttifaqı
İdarə Hey'ətinin Katibi, sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov, Azərbaycan Respublikasının
xalq artisti Şəfiqə Axundova, Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi Nəriman
Məmmədov, Azərbaycan Respublikasının
xalq artisti Oqtay Zülfüqarov, Azərbaycan Bəstəkarlar
İttifaqının Məs'ul Katibi Lalə Hüseynova,
şair Hüseyn Abbaszadə, bəstəkar Ruhəngiz
Qasımova, Ağabacı Rzayevanın ailəsi adından
sənətşünaslıq namizədi Sənubər
Bağırova və b. öz xatirələrini söylədilər
və bəstəkarın yaradıcılığı
haqqında fikirləri ilə bölüşdülər.
Konsertdə Muğam Teatrının musiqi kollektivi
fəal iştirak etdi. Konsert proqramında bəstəkarın
"Qəhrəman oğlan" (ifaçı Yaqut Abdullayeva),
"Çoban qara" (ifaçı Sahib İbrahimov), "Telli
sazım" (ifaçı Elza Qarabağlı), "Toy"
(ifaçı İsmayıl Abbasov), "Qərənfiləm"
(ifaçı Zabitə Məmmədova), "Evimizə
gəlin gəlir" (ifaçı Səbinə İlyasova)
və b. mahnıları səsləndi. Bundan başqa
konsertdə Ağabacı Rzayevanın bəstələdiyi
piano üçün "Rəqs süitası"nın
3 hissəsi (ifaçı Bakı Musiqi Akademiyasının
I kurs tələbəsi, Respublika müsabiqəsinin
laureatı Məmmədova Tutu), tar və piano üçün
"Vətənpərvərlər marşı" (ifaçılar
- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
6-cı sinif şagirdi İlqar Sofiyev (tar) və
11-ci sinif şagirdi Roza Məmmədova (piano)), uşaq
xorunun ifasında iki mahnı - "Bizim bağça"
və "Dostluq qatarı" (ifa etdi 160 saylı Orta Ümumtəhsil
Məktəbinin uşaq |
|
Noyabr
ayının 22-də Ü.Hacıbəyovun
ev muzeyində həmin muzeyin saytının açılmasına
həsr olunmuş təqdimat mərasimi keçirilmişdir.
Sayt azərbaycan və ingilis dillərində yaradılmış
və dahi bəstəkar, dramaturq və publisistin
ev muzeyinin tarixindən mə'lumat verir. Bundan başqa,
saytda Ü.Hacıbəyovun həyat və yaradıcılıq
yolu barədə qısa mə'lumatlar vardı. Saytın
prezentasiya mərasimində ev-muzeyin müdiri Səadət
Qarabağlı, Azərbaycan Respublikasının
xalq artistləri Lütfiyar İmanov və Gülxar
Həsənova, "Musiqi dünyası" jurnalın baş
redaktoru, sənətşünaslıq doktoru Tariyel
Məmmədov, bəstəkar-musiqişünas Nərgiz
Şəfiyeva və b. çıxış etdilər.
Saytın ünvanı: http:/uzeirbey.aznet.org |
|
Noyabr
ayının 22-də dahi bəstəkar,
SSRİ-nin və Azərbaycan Respublikasının
xalq artisti, Dövlət mükafatları laureatı,
Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü Fikrət Əmirovun 80 illiyinə həsr
olunmuş bir sıra tədbirlər keçirilmişdir.
İlk öncə bəstəkarın xatirəsini
yad etmək üçün Respublikanın rəsmi
nümayəndələri və mədəniyyət
işçiləri Fəxri Xiyabana yollandılar.
Orada Azərbaycan Respublikasının Mədəniyyət
Naziri Polad Bülbüloğlu, Baş Nazirin müavini
Elçin Əfəndiyev, Bəstəkarlar İttifaqı
İdarə Hey'ətinin Birinci Katibi Vasif Adıgözəlov
Fikrət Əmirovun yaradıcılığı
haqqında öz fikirlərini söylədilər.
Həmin gün axşam Kamera və Orqan Musiqisi Zalında
Fikrət Əmirovun yubileyinə həsr olunmuş
konsert keçirilmişdir. Konserti Teymur Göyçayevin
rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri apardı. Konsert proqramında
Fikrət Əmirovun "Nizami" simli simfoniyası, "Ü.Hacıbəyova
ithaf", A.Zeynallının xatirəsinə həsr
olunmuş "Elegiya", bəstəkarın işləməsində
"Gözəlim sənsən" xalq mahnısı və
"Sevil" operasından Balaşın ariyası (ifaçı
Anar Şuşalı); "Gülərəm gülsən"
romansı (ifaçı Mehri Əsədullayeva); "Mən
səni araram" mahnısı (kamança üçün
işlənməsi, ifaçı -Şəfiqə
Eyvazova); "Mir bir gecə" baletindən "Ordiya" (tar üçün
işlənməsi, ifaçı - Rüfət Həsənov).
Xatirə axşamında Fikrət Əmirov şəxsiyyəti
haqqında Azərbaycan Respublikasının Mədəniyyət
Naziri Polad Bülbüloğlu, Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov və sənətşünaslıq
namizədi Fərəh Əliyeva çıxış
etdilər. |
|
Noyabr
ayının 7-də görkəmli bəstəkar,
Azərbaycan Respublikasının xalq artisti, professor
Tofiq Quliyevin 85 illiyi münasibəti ilə yubiley
tədbirləri keçirilib. Əvvəlcə, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi,
Azərbaycan Bəstəkarlar İttifaqı və
Azərbaycan Kinematoqrafçılar İttifaqının
nümayəndələri bəstəkarın əziz
xatirəsini yad etmək üçün Fəxri
xiyabana yollandılar. Orada Mədəniyyət Naziri
Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov, bəstəkarın ailəsi
adından məşhur kinorejissor Eldar Quliyev öz
çıxışlarında Tofiq Quliyev şəxsiyyəti
haqqında fikirlərini və xatirələrini
söylədilər. Gündüz "Nizami" kinoteatrında
Tofiq Quliyevin xatirəsinə həsr olunmuş yubiley
tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan
Respublikasının xalq artisti Xuraman Qasımova,
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Hey'ətinin Katibi Ramiz Zöhrabov, Aydın Kazımzadə
və b. çıxış etdilər. Çıxışlardan
sonra Tofiq Qulyievin musiqi bəstələdiyi "O qızı
tapın" filmi nümayiş etdirildi. Axşam, Kinematoqrafçılar
İttifaqında keçirilən tədbirdə öz
xatirələri ilə Azərbaycan Yazıçılar
İttifaqının Sədri Anar, Azərbaycan Respublikasının
xalq artisti Əminə Dilbazi, Azərbaycan Kinematoqrafçılar
İttifaqının Sədri Rasim Balayev, Azərbaycan
Bəstəkarlar İttifaqı İdarə Hey'ətinin
Birinci Katibi Vasif Adıgözəlov, bəstəkarın
ailəsi tərəfindən kinorejissor Eldar Quliyev
çıxış etdilər. |
|
Noyabr
ayının 9-da konfrans salonunda yekun iclası
keçirildi və mə'ruzələr müzakirə
olundu. Konfrans iştirakçıları konfransın
təşkilatçılarına dərin minnətdarlığını
bildirib, gələcəkdə belə tədbirləri
tez-tez keçirtmək arzusunu söylədilər. |
|
Noyabr
ayının 7-9-dək Bakıda "Qloballaşma
dövründə mədəni irsin və ən'ənəvi
biliklərin qorunub saxlanılması" mövzusunda
Beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbir
"Musiqi dünyası" nəşriyyat mərkəzinin
təşəbbüsü və Azərbaycanda Açıq
Cəmiyyət İnstitutunun dəstəyi ilə
təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin Muzey mərkəzində
və Alman Azərbaycan Mədəniyyət Birliyinin
"Kapellhaus" zalında keçirilmişdir. Konfransda
Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan,
Estoniya alimləri iştirak etdilər. Konfrans noyabrın
7-də Muzey mərkəzində açıldı.
Konfransın iştirakçılarını Azərbaycan
Bəstəkarlar İttifaqı İdarə Hey'ətinin
Birinci Katibi, Respublikanın xalq artisti, Dövlət
mükafatları laureatı, professor Vasif Adıgözəlov
salamladı. Konfransda Azərbaycan Bəstəkarlar
İttifaqının üzvləri fəal iştirak
etmiş və bir sıra maraqlı mə'ruzələrini
təqdim etmişdilər. O cümlədən: Zemfira
Səfərova, AMEA -nın Me'marlıq və İncəsənət
İnstitutu, Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi
şö'bəsinin müdiri, professor, sənətşünaslıq
doktoru, Azərbaycanın əməkdar incəsənət
xadimi. "Qloballaşma dövründə milli musiqi
irsinin qorunması, nəşri və tədqiqinin
bə'zi probləmləri". Fərəc Qarayev. Moskva
Dövlüt Konservatoriyası. Azərbaycanın
əməkdar incəsənət xadimi, professor.
"Amsterdam ansamblının Atlası". Avropa üzrə
silsilə konsertlərin layihəsi haqqında mə'lumat".
Nigar Axundova, Azərbaycan Mədəniyyət Nazirliyi.
Mədəni siyasi şö'bəsinin rəisi,
sənətşünaslıq namizədi. "Qeyri-maddi
irsin qorunması probleminə dair". Fəttah Xalıqzadə,
BMA-nın dosenti, sənətşünaslıq namizədi.
"Qloballaşma dövründə Azərbaycan musiqi
folklorunun qorunması problemi". |
|
Oktyabr
ayının 17-də M.F.Axundov adına
Azərbaycan Dövlət Opera və Balet Teatrında
görkəmli bəstəkar, Azərbaycan Respublikasının
xalq artisti, professor Cövdət Hacıyevin anadan
olmasının 85 illiyinə həsr olunmuş konsert
keçirilmişdir. Konsertin proqramına - VI simfoniya,
IV simfoniya (III və V hissələr), "Sülh uğrunda"
simfonik-poema, "Vətən" operasından Mərdanın
ariyası, piano üçün "Ballada", a'capella xoru
üçün "Laylay" və "Ey gül" əsərləri
daxil edilmişdir. Konsertdə iştirak etdilər:
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Simfonik Orkestri - bədii rəhbər və baş
dirijor Azərbaycan Respublikasının xalq artisti,
Dövlət mükafatı laureatı, professor Rauf
Abdullayev; Azərbaycan Dövlət Xor Kapellası
- bədii rəhbər Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi Gülbacı
İmanova; SSRİ-nin xalq artisti, Dövlət mükafatı
laureatı, Beynəlxalq müsabiqələr laureatı,
professor Fərhad Bədəlbəyli və Azərbaycan
Respublikasının əməkdar artisti Şahlar
Quliyev. Xatirə axşamında Azərbaycan Respublikasının
Mədəniyyət Naziri Polad Bülbüloğlu
və Azərbaycan Bəstəkarlar İttifaqı
İdarə Hey'ətinin Birinci Katibi Vasif Adıgözəlov
çıxış etdilər. |
|
Oktyabr
ayının 2-də
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin fərmanı ilə 5 bəstəkara
- Məmməd Cavadova, Elza İbrahimovaya, Musa Mirzəyevə,
Nəriman Məmmədova və Oqtay Kazımova fəxri
prezident təqaüdü verilmişdir. |
|
Sentyabr
ayının 18-də Respublikamızda təntənə
ilə "Musiqi günü" keçirilmişdir. Ən'ənəvi
olaraq Bakı Musiqi Akademiyasının qarşısına,
dahi Üzeyir Hacıbəyovun heykəli ətrafına
çoxlu musiqisevərlər toplaşmışdı.
Tədbiri giriş sözü ilə açan Respublikamızın
Mədəniyyət Naziri Polad Bülbüloğlu
bu bayram münasibəti ilə hamını təbrik
edərək, Milli Musiqi gününün həm
də Üzeyir bəyin və onun yaxın dostu və
həmkarı olan Müslüm Maqomayevin doğum
günü ilə eyni vaxtda olmasını qeyd etdi.
Bayramda Azərbaycan Respublikasının Təhsil
Naziri Misir Mərdanov, Bakı Musiqi Akademiyasının
rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli,
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Hey'ətinin Birinci Katibi, Azərbaycan Respublikasının
xalq artisti Vasif Adıgözəlov və Respublikanın
xalq artisti Azər Rzayev çıxış etdilər.
Tədbirin sonunda keçirilən bayram konsertində
Azərbaycan Dövlət Simfonik orkestri, Xor Kapellası,
Nəfəsli orkestr iştirak etdilər. Ü.Hacıbəyovun
"Koroğlu" operasından Uvertüra və "Çənlibel"
xoru, "Ey, Vətən" xoru, "Heyratı", M.Maqomayevin
və F.Bədəlbəylinin nəfəsli orkestr
üçün marşları səsləndi. |
|
Görkəmli müğənni,
bəstəkar, SSRİ və Azərbaycan Respublikasının
xalq artisti Müslüm Maqomayevin 60 illiyi ilə əlaqədar
respublikamızda bir sıra tədbirlər keçirilmişdir.
Sentyabr ayının 5-də Bakı
Musiqi Akademiyası Təhsil Nazirliyi ilə birgə
Musiqi Akademiyasında elmi-nəzəri konfrans keçirmişdir.
Konfransda F.Bədəlbəyli, G.Abdullazadə, V.Adıgözəlov,
A.Rzayev, R.Zöhrabov, İ.Əfəndiyeva, V.Şərifova-Əlixanova,
A.Hüseynova, Ü.İmanova, Z.Dadaşzadə,
M.Əhmədova, Z.İsmayılova və L.İmanov
çıxış etdilər. Sentyabr ayının
6-da Prezident iqamətgahında Respublikamızın
Prezidenti cənab H.Əliyev M.Maqomayevi ən ali dövlət
mükafatı - "İstiqlal" Ordeni ilə mükafatlandırdı.
Sentyabrın 7-də "Respublika" Sarayında yubiley
ilə bağlı təntənəli konsert keçirildi.
Konsertdə Rusiya Federasiyası, Moldova, Gürcüstan,
Ukrayna və Azərbaycan Respublikasının tanınmış
sənətkarları iştirak etdilər. Sentyabr
ayının 9-da R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyində
M.Maqomayevə Bakı Musiqi Akademiyasının Fəxri
professoru adı verildi. |
|
İyunun
22-də Azərbaycan Bəstəkarlar İttifaqı
Alman- Azərbaycan Mədəniyyət Birliyinin "Kapellhaus"
zalında Azərbaycan bəstəkarlarının
yeni əsərlərindən ibarət kamera musiqisi
axşamını keçirmişdir. Proqrama Vasif
Adgözəlovun piano üçün "24 prelüd"
silsiləsindən 3 prelüdü (ifaçı Bakı
Musiqi Akademiyasının II kurs tələbəsi
Şəhla Quliyeva), Arif Məlikovun N.Hikmətin
sözlərinə 6 Romansı (ifaçılar -
Səbinə Əsədova (metso-soprano), Ülviyyə
Hacıbəyova (piano)); G.Abdullazadənin V.Əzizin
söz. "Sən olmasaydın? Romansı (ifaçılar
- Mahirə Həsənova (soprano), Leyla Məmmədəliyeva
(piano)), Rəşid Şəfəqin piano üçün
Sonata-poeması (əsər C.Hacıyevə ithaf
edilib, ifaçı - 15 saylı UMM-nın şagirdi
Ülkər Hacılı); Tofiq Bakıxanovun viola
və piano üçün "Türk təranələri?
(ifaçılar - Tofiq Aslanov (viola), Əfqan Salayev
(piano); Rəhilə Həsənovanın piano üçün
Fantaziya ?Meyxana? (müəllifin ifasında); Azər
Dadaşovun öz ifasında piano üçün
?Fəza təranəsi", Qədimova Rə'nanın
violin və piano üçün Sonatinanın finalı
(ifaçılar - Mahirə Eyvazova (violin), pianoda -
müəllif)); İlham Abdullayevin ifasında piano
üçün 2 saylı Sonatası, habelə BMA-nın
tələbələri - Nərminə Nağıyevanın
klarnet və piano üçün Sonatanın I hissəsi
(ifaçılar - Zaman Həsənov (klarnet), pianoda
- müəllif); Pikə Axundovanın piano üçün
4 Prelüdü (ifaçı müəllif) daxil
edilmişdir. Konserti ön sözlə Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin I Katibi Vasif
Adıgözəlov açdı. |
|
Azərbaycan Respublikasının
Prezidentinin sərəncamı ilə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
tə'sis edilməsi haqqında 2002-ci il 11
iyun tarixli Fərmanına uyğun olaraq
Elmira Abasova, Vasif Adıgözəlov, Şəfiqə
Axundova, Tofiq Bakıxanov, Hacı Xanməmmədov,
Arif Məlikov, Ramiz Mirişli, Xəyyam Mirzəzadə,
Ramiz Mustafayev, Hökümə Nəcəfova, Azər
Rzayevə Azərbaycan Respublikası Prezidentinin Fərdi
təqaüdü verilmişdir. |
|
Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı
və Bakı Musiqi Akademiyası may
ayının 30-da BMA-da Azərbaycan Respublikasının
xalq artisti, mərhum bəstəkar Rauf Hacıyevin
80 illiyinə həsr olunmuş yubiley konfransı
keçirdi. Konfransda Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin elm idarəsinin müdiri Asəf
Zamanov, BMA-nın elmi yaradıcılıq işləri
üzrə prorektor, fəəlsəfə elmləri
doktoru, professor Gülnaz Abdullazadə, Azərbaycan
Bəstəkarlar İttifaqı İdarə Hey'ətinin
Birinci Katibi, Respublikanın xalq artisti, professor Vasif
Adıgözəlov, Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Katibi, Respublikanın
əməkdar incəsənət xadimi, sənətşünaslıq
doktoru, professor Ramiz Zöhrabov, sənətşünaslıq
namizədi, professor Elmira Abasova, sənətşünaslıq
namizədi, professor vəzifəsini icra edən İmruz
Əfəndiyeva, "Azərbaycan musiqi mədəniyyəti"
muzeyinin direktoru Alla Bayramova, bəstəkar Əziz
Əzizli Rauf Hacıyevin yaradıcılığı
ilə bağlı mə'ruzələr ilə çıxış
edib öz xatirələrini söylədilər.
Mə'ruzələr ilə yanaşı bəstəkarın
"Mir bez tebc", "Bakı haqqında mahnı"sını
Azərbaycan Respublikasının əməkdar artisti
Natəvan Şeyxova, "Azərbaycanım", "Saçlarına
gül düzüm" mahnılarını isə
Azərbaycan Respublikasının xalq artisti Lütfiyar
İmanov ifa etdilər. |
|
May
ayının 14-də Bakı Musiqi Akademiyasının
Böyük zalında Azərbaycan Gənclər,
İdman və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqı gənc Azərbaycan bəstəkarlarının
yeni əsərlərindən ibarət konsert keçirmişdir.
Konsert Gənclər, İdman və Turizm Nazirliyinin
"Azərbaycan Gənclərinin III Forumu" çərçivəsində
təşkil edilmişdir. Konsertin proqramına gənc
Azərbaycan bəstəkarlarının yeni kamera-vokal,
kamera-instrumental və xor əsərləri daxil
edilmişdir. O cümlədən, kamera-vokal janrda
: Aygün Səmədzadənin - "Bu dünyanı
nağıl bilək" mahnısı (söz. K.Ağayeva);
Ceyhun Allahverdiyevin - "Xatırla məni" romansı
(söz. Səma) Lalə Darvinin - "Bu gecə" romansı
(söz. İ.Piriyev) Vasif Allahverdiyevin - "Hara gedirsən"
mahnısı (söz. müəllifin) Yalçın
Məlikovun - "Qəlbdən qəlbə" mahnısı
və "Romantik rəqs" vokal-dueti (söz. müəllifin)
Nərminə Nağıyevanın - "Sənə"
vokal-dueti (söz. N.Xəzri) Vüqar Camalzadənin
- "Ulduz" mahnı-balladası (söz. X.İsmayılqızı);
Kamera-instrumental janrı üzrə aşağıdakı
əsərlər təqdim olundu: Lalə Cəfərovanın
Tar və pian o üçün 2 rəqsi İlham
Azmanlının Klarnet və piano üçün
"Baxiana-Bakuana" silsiləsindən 5, 6, 7-ci hissələr
Rə'na Qədimovanın piano üçün Prelüd
və "Aşıqsayağı" Xədicə Zeynalovanın
piano üçün Fantaziyası Nərminə Nağıyevanın
klarnet və piano üçün Sonatasının
3-cü hissəsi Ceyhun Allahverdiyevin piano üçün
Sonatasının I hissəsi Salman Qəmbərovun
T.Quliyevin xatirəsinə həsr olunmuş caz kompozisiyası
ifa edildi. Bəstəkar İlham Abdullayevin xor üçün
"Bakı nəğmələri" (söz. R.Rza), "Lay-Lay"
(söz. müəllifin), "Bizimdir gələcək"
(söz. İ.Dadaşov) mahnıları Bülbül
ad. Orta İxtisas Musiqi Məktəbinin "Qız qalası"
xoru (bədii rəhbər -D.Əliyeva) tərəfindən
ifa olundu. Konsertdə həmçinin İlham Abdullayevin
rəhbərlik etdiyi Bülbül ad. Orta İxtisas
Musiqi Məktəbinin uşaq yaradıcılığı
sinfinin şagirdləri də iştirak etdilər.
Belə ki, Şahbazova Leylanın violin və piano
üçün yazdığı "Elegiya" və Qafarzadə
Leylanın klarnet və piano üçün "Melodiya"sı
səslənmişdir. Konsertdə mahnı və
romansları İlqar Muradov, Lalə Məmmədova,
İlahə Fəda, Səidə Həsənova,
Brilliant Şükürova və Dinarə Əliyeva
ifa etdilər. Kamera-instrumental əsərləri
Vüsal İskəndərov (tar), Zaman Həsənov
(klarnet) və Bülbül ad. Orta İxtisas Musiqi
Məktəbinin şagirdləri Esmira Əsədova
(violin), Teymur Süleymanbəyli (klarnet) və bəstəkarlar
özləri ifa etdilər. Tədbirdə Azərbaycan
Gənclər, İdman və Turizm Naziri Əbülfəz
Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad
Bədəlbəyli, Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Hey'ətinin Birinci Katibi
Vasif Adıgözəlov və digər musiqi ictimaiyyəti
nümayəndələri iştirak etdilər. |
|
Arif Məlikovun
türk şairi Nazim Hikmətin pyesi əsasında
bəstələdiyi "Məhəbbət əfsanəsi"
baleti Yuri Qriqoroviçin quruluşunda yenidən Böyük
Teatrın repertuarına qayıdıb. Aprelin
24-də Moskva şəhərində Böyük
teatrın səhnəsində baletin ilk tamaşası
keçirilmişdir.Baş rolları Nadejda Qraçova
və Marşe Allaş (Məhmənəbanu), Anna
Antoniçeva və Marianna Rıjkina (Şirin), Nikolay
Siskariadze və Dmitri Beloqoltsev (Fərhad) ifa etdilər.
İlk tamaşada bəstəkar Arif Məlikov iştirak
etdi. |
|
Aprel
ayının 11-də Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında Azərbaycan Respublikasının
xalq artisti, bəstəkar Ramiz Mustafayevin 75 illik yubileyi
ilə əlaqədar "Vaqif" operasının yeni
quruluşda premyerası oldu. Xalq şairi S.Vurğunun
pyesinin motivləri əsasında yazılmış
"Vaqif" operası Dövlət Akademik Opera və Balet
Teatrının səhnəsində ilk dəfə
1960-cı ildə tamaşaya qoyulmuşdur. Bu quruluşu
Respublikanın xalq artistləri, rejissor - Soltan Dadaşov
və dirijor Əfrasiyab Bədəlbəyli hazırlamışdılar.
"Vaqif" operası bu dəfə tamaşaçılara
yeni redaksiyada - bə'zi ixtisarlarla təqdim edilmişdir:
4 pərdə, 7 şəkildən ibarət olan
köhnə quruluşun əvəzinə indiki tamaşa
3 pərdə, 6 şəkildən ibarət idi.
Tamaşanın musiqi rəhbəri və dirijoru
Respublikanın əməkdar incəsənət
xadimi Cavanşir Cəfərov, quruluşçu rejissor-
teatrın baş rejissoru Hafiz Quliyevdir. Tamaşada
əməkdar incəsənət xadimi, mərhum
Əyyub Fətəliyevin dekorasiya və geyim eskizlərindən
istifadə edilib. Xormeyster - Milena Hacıyeva, rəqslərin
quruluşçusu - Yulana Əlikişizadədir.
Tamaşada Vaqif partiyasını gənc solist, vokalçıların
Bülbül adına I Beynəlxalq müsabiqəsinin
laureatı Həsən Enami, Xuraman partiyasını
isə vokalçıların Bülbül adına
II Beynəlxalq müsabiqəsinin laureatı Fəridə
Məmmədova ifa etmişdir. Yeni tamaşada teatrın
təcrübəli vokalçıları - əməkdar
artistlər Elxan Əhədzadə, Şahlar Quliyev,
Əli Əsgərov, vokalçıların Beynəlxalq
müsabiqəsinin laureatı (İtaliya) Əkrəm
Poladov və başqaları çıxış
etdi. |
|
Mart
ayının 4-də Fəxri Xiyabanda respublikanın
xalq artisti, professor Tofiq Ələkbər oğlu
Quliyevin məzarüstü abidəsinin təntənəli
açılış mərasimi oldu. Mərasimdə
respublikanın tanınmış mədəniyyət
və ictimai xadimləri ilə yanaşı dünya
şöhrətli musiqiçilər - M.Rostropoçiv
və Q.Vişnevskaya iştirak etdilər. Abidənin
müəllifi - Ömər Eldarovdur.
Azərbaycan
Bəstəkarlar İttifaqının Uşaq musiqisinə
həsr olunmuş
PLENUMU
Azərbaycan
Bəstəkarlar İttifaqı 2002-ci il aprel ayının
3-5 tarixlərində Uşaq musiqisinə həsr
olunmuş Plenum keçirmişdir. Plenum aprelin 3-də,
R.Behbudov adına Mahnı Teatrında Azərbaycan
bəstəkarlarının kamera və xor əsərlərindən
ibarət konsertlə açılmışdır.
Aprelin 4-də Musiqili Komediya Teatrında bəstəkar
Rəşid Şəfəqin A.Şaiqin əsəri
əsasında yazdığı "Bir saat xəlifəlik"
operettası, aprelin 5-də isə Dövlət
Kukla Teatrında respublikanın xalq artisti Oqtay Zülfüqarovun
"Göyçək Fatma", Cahangir Zülfüqarovun
"Ləpələrin nağılı" tamaşaları
göstərilmişdir. Plenum haqqında daha ətraflı:
Azərbaycan Bəstəkarlar İttifaqının
növbəti Plenumu bu dəfə bütövlükdə
XXI əsrdə gələcəyimizi təmsil
edən musiqisevərlərə - uşaqlara həsr
olunmuşdur. Üç gün davam edən Plenumun
proqramına bəstəkarlarımızın müxtəlif
janrlarda yazılmış əsərləri daxil
edilmişdi. Plenumun ilk tədbiri aprelin 3-də
R.Behbudov adına Dövlət Mahnı Teatrında
keçirildi. Ön sözlə Bəstəkarlar
İttifaqının Birinci Katibi Respublikanın
xalq artisti, professor, Vasif Adıgözəlov çıxış
edti. O, qeyd etdi ki, yeni nəsil üçün musiqi
repertuarının yaradılması Azərbaycan
bəstəkarlarlarının qarşısında
duran mühüm məsələlərdən
biri olmalıdır. Belə ki, səriştəli,
yaxşı zövqü olan dinləyici hazırlamaq
üçün onun estetik dünyagörüşünün
formalaşması ilə erkən yaşlarından
məşğul olmaq lazımdır. Azərbaycan
bəstəkarlıq məktəbinin müxtəlif
nəsil nümayəndələrini təmsil edən
konsertdə Ü.Hacıbəyov, T.Quliyev, N.Əliverdibəyov,
Ş.Axundova, T.Bakıxanov, Ə.Cavanşirov, M.Mirzəyev,
O.Kazımi, R.Şəfəq, E.Dadaşova, M.Əhmədova,
M.Cəfərov, S.Fərəcov, İ.Abdullayev,
N.Quliyev, İ.Azmanlı, X.Zeynalova, L.Cəfərova,
N.Nağıyevanın kamera-vokal, kamera-instrumental
və xor əsərləri səsləndi. Əsərləri
peşəkar musiqiçilərlə yanaşı
Bülbül adına Orta İxtisas Musiqi məktəbinin,
İncəsənət və Uşaq Musiqi məktəblərinin
şagirdləri ifa etdilər. Respublikanın Televiziya
və Radio Verilişləri Şirkətinin "Bənövşə"
uşaq xoru və xalq çalğı alətləri
ansamblı, Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin "Qız qalası" xoru, "Mələklər"
uşaq xoru, Dənizçilərin Mədəniyyət
Klubunun "Yelkən" vokal qrupunun çıxışları
da maraqla dinlənildi. 6 saylı Uşaq İncəsənət
Məktəbi şagirdlərinin hazırladığı
səhnəcik tamaşaçıların xüsusi
rəğbətini qazandı. Plenumun növbəti
tədbiri kimi aprelin 4-də Ş.Qurbanov adına
Musiqili Komediya Teatrında R.Şəfəqin A.Şaiqin
əsəri əsasında yazdığı "Bir
saat xəlifəlik" operettasına tamaşa edildi.
Aprelin 5-də Plenumun iştirakçıları
A.Şaiq adına Kukla Teatrında Oqtay Zülfüqarovun
Azərbaycanın xalq nağılları əsasında
"Göyçək Fatma", Cahangir Zülfüqarovun
X.Əlibəylinin əsəri üzrə yazılmış
"Ləpələrin nağılı" kukla tamaşaları
ilə tanış oldular. Həmin gün Bəstəkarlar
İttifaqında Plenumun tədbirlərinə yekun
vurularaq səslənmiş əsərlərin
müzakirəsi və konfrans keçirildi. Müzakirədə
bəstəkarlar, musiqişünaslar, mətbuat
nümayəndələri iştirak etdilər.
|
|
Bu il böyük
Azərbaycan bəstəkarı Fikrət Əmirovun
80 illik yubiley ilidir. Bu münasibətlə fevral
ayında Türkiyənin İzmir şəhərində
Dövlət simfonik orkestrinin iştirakı ilə
bəstəkarın müəllif gecəsi keçirilmişdir.
Proqrama F.Əmirovun "Azərbaycan kapriççiosu",
"Kürd Ovşarı" simfonik muğamı, "Nəsimi
dastanı", piano, violin və simfonik orkestr üçün
ikili "Konsert" daxil edilmişdi. Xatırladaq ki, "Konsert"
1947-ci ildə maestro Niyazinin idarəsilə ilk dəfə
ifa olunub. 55 ildən sonra həmin əsər ikinci
dəfə ifa olundu. Onu da xüsusi qeyd etmək
lazımdır ki, solistlər bəstəkarın
nəvəsi, gənc pianoçu Nəzrin Əfəndi,
violinoçu, Beynəlxalq müsabiqələr laureatı
Cihat Aşkın idi. Dirijor Yalçın Adıgözəlov
idi. |
|
Yanvar
ayının 18-də Respublikanın görkəmli
musiqi xadimi, Bakı Musiqi Akademiyasının professoru,
SSRİ Dövlət mükafatları laureatı,
əməkdar incəsənət xadimi, Azərbaycan
Respublikasının xalq artisti Əhməd Cövdət
İsmayıl oğlu Hacıyev ömrünün
85-ci ilində vəfat etmişdir. Cövdət Hacıyev
1917-ci ildə Azərbaycanın Şəki şəhərində
anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan
sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət
Konservatoriyasında, 1938-1941-ci illərdə isə
Moskva Konservatoriyasında oxumuş və müharibə
illərində yarımçıq qalmış təhsilini
sonralar davam etdirərək, 1947-ci ildə dahi bəstəkar
Dmitri Şostakoviçin sinfini bitirmişdir. Cövdət
Hacıyev 1947-ci ildən ömrünün sonuna
qədər bəstəkarlıq fəaliyyəti
ilə yanaşı, Bakı Musiqi Akademiyasında
dərs demiş, 1957-1969-cu illərdə isə
bu ali musiqi təhsili ocağının rektoru vəzifəsində
çalışmışdır. Öz böyük
iste'dadı və zəngin təcrübəsi sayəsində
milli və dünya musiqi sənəti ən'ənələrini
novatorcasına inkişaf etdirən Cövdət
Hacıyevin adı Azərbaycan musiqi tarixinə milli
simfonizmin banilərindən biri kimi daxil olmuşdur.
Böyük Üzeyir Hacıbəyovun ölməz
irsi və ən'ənələrinin yorulmaz təbliğatçısı
və davamçısı olan bu sənətkar Azərbaycan
peşəkar musiqisində özünəməxsus
yeni yollar açmışdır. Cövdət Hacıyevin
musiqisi vətəndaşlıq qayəsi, demokratizmi,
dərin məzmunu və yüksək bədiiliyi
ilə səciyyələnir. O, hələ tələbəlik
illərində ilk böyük əsəri olan bir
hissəli "Simfoniya"nı, iki simfonik poemasını,
"Azərbaycan süitası"nı, simli kvartet və
sair əsərlərini bəstələmişdir.
Cövdət Hacıyev sənətdə elə
ilk addımlarından Azərbaycan musiqisində aparıcı
mövqelərdən birini tutmuşdur. O, 1945-ci ildə
Qara Qarayevlə birlikdə yazdığı "Vətən"
operasına görə SSRİ Dövlət mükafatına
layiq görülmüşdür. Görkəmli
sənətkara ən çox şöhrət gətirən
onun ayrı-ayrı illərdə bəstələdiyi
səkkiz simfoniyadır. Cövdət Hacıyev həmçinin
simfoniyetta, oratoriya, ballada, sonata, skertso və kvartet-poemanın,
xor üçün bir sıra dəyərli əsərlərin
müəllifidir. Azərbaycan bəstəkarlıq
məktəbinin inkişafında böyük rol
oynamış Cövdət Hacıyev ölkəmizdə
peşəkar musiqi kadrlarının hazırlanmasında
da misilsiz xidmətlər göstərmişdir. O,
Azərbaycan bəstəkarlarının bir neçə
nəslini yetişdirən gözəl pedaqoq olmuşdur.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin
inkişafı və təbliğindəki xidmətləri
yüksək qiymətləndirilmişdir. O, iki dəfə
SSRİ Dövlət mükafatına layiq görülmüş,
bir çox orden və medallarla, o cümlədən
Azərbaycan Respublikasının ali mükafatı
- "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
|
|
|